Bakterioloji Laboratoriya





 

Bakterioloji laboratoriyada mikroorqanizmlərin təyini üçün ənənəvi müayinə metodları ilə birlikdə nəticələrin çıxma vaxtını və etibarlılığını artırmaq üçün müasir diaqnostik analizatorlardan da geniş istifadə edirlər.


Mikroorqanizmlərin bakterioloji müayinəsi.
Bütün növ bioloji materialların əkilməsi və bakterioloji analizator vasitəsi ilə mikroorqanizmlərin identifikasiyası aparılır. Həmçinin geniş spektrli(16 parametr) bağırsağın normal və patoloji florasını təyin edən dizbakterioz müayinəsi də aparılır.

Biomaterialın götürülmə qaydası:

►►►Nəcisin əkilməsi və dizbakterioza müayinəsi

Nəcis steril konteynerə yığılır və 2 saatdan gec olmayaraq laboratoriyaya çatdırılır. Dizbakterioz müayinəsi verməzdən 1-3 gün əvvəl xəstə alkoqol, antibiotik və bakteriya tərkibli preparatlar (bifidobakterya, laktobakteriya, bağırsaq çöpü) qəbul etmək olmaz.

 

►►►Əsnəkdən və burundan əkmə

Material ac qarına və ya 2-4 saat yeməkdən sonra götürülə bilər. Əsnək və burundan yaxma götürülməzdən əvvəl burun və ağız boşluğunu yumaq olmaz.

 

►►►Bəlğəmin əkilməsi

Öskürək tutması zamanı səhər bəlğəm steril konteynerə yığılır. Material verilməzdən əvvəl ağız boşluğu və dişlər təmizlənməlidir. Əgər bəlğəm çətin çıxırsa, bir gün əvvəl həkimin məsləhəti ilə bəlğəmgətirici dərman qəbul etmək olar. Material yığıldıqdan sonra gecikdirilmədən laboratoriyaya çatdırılmalıdır.

 

►►►Uretra və uşaqlıq yolu materialının əkilməsi

Material səhər sidikburaxma aktından əvvəl götürülməlidir.

 

►►►Sidiyin əkilməsi

Müayinə üçün səhər sidiyi steril konteynerə yığılır. Material götürülməzdən əvvəl xarici cinsiyyət orqanlarının tualeti aparılır. Yığılmış sidik dərhal laboratoriyaya çatdırılır və ya 1-2 saat otaq temperaturunda saxlamaq olar.

 

►►►Ana südünün əkilməsi

Süd vəzinin giləsi sabunla yuyulur və dəsmal ilə qurudulur. Hər gilə ayrı-ayrı tamponla 70% etil spirti ilə dezinfeksiya olunur. Südün birinci porsiyası (5-10 ml) ayrı qaba, müayinə üçün sonrakı porsiya (5-10 ml) steril konteynerə yığılır. Nümunə hər bir süd vəzindən ayrı-ayrı konteynerlərə yığılır və üzərlərinə “sağ” , “sol” yazılır. Material 2 saatdan gec olmayaraq laboratoriyaya çatdırılmalıdır.

 

►►►Antibiotikoqrammanın əsas spektrləri

Antibiotikoqramma-yoluxucu xəstəliklər törədicilərinin mikrob əleyhinə preparatlara həssaslığının təyinidir. Bizim laboratoriyamızda 38 növ antibiotik və 6 növ göbələk əleyhinə preparatlara həssaslıq yoxlanılır.

 


Suyun və qidanın bakterioloji müayinəsi.
Suda və qida məhsullarında bir sıra yoluxucu xəstəliklərin törədicisi (legionella,salmonella,şigella v s.), mikroorqanizmlərin ümumi miqdarının təyini aparılır. 

Materialın götürülmə qaydası:

►►►Suyun əkilməsi

Su 500 ml həcmi olan steril şüşə qaba yığılır və steril qapaqla bağlanaraq 4-6 saat ərzində buzlu konteynerdə laboratoriyaya çatdırılır.

 

►►►Qidanın əkilməsi

Qida steril konteynerlərə yığılır və 2 saat ərzində buzlu konteynerdə laboratoriyaya çatdırılır.

 


Suyun Legionellaya bakterioloji müayinəsi.
Bu müayinəyə pnevmoniya törədicisi olan Legionella pneumophila mikroorqanizminin təyini daxildir.

►►►Materialın götürülmə qaydası:

Su 1000 ml həcmi olan steril şüşə qaba yığılır və steril qapaqla bağlanaraq 48 saat ərzində buzlu konteynerdə laboratoriyaya çatdırılır.

 


Bizə zəng edin +994 12 4970 911